Siyasilər İsa Qəmbərin təkliflərini cəfəng hesab edirlər
Araz Əlizadə: “Bu illər ərzində İsa Qəmbər nə inkişaf edib, nə də ağıllanıb”
Müxalifət ilk əvvəl çalışırdı ki, “Avroviziya-2012” mahnı müsabiqəsini dolayısı ilə siyasiləşdirsin. Görünür, istəklərinə çata bilmirlər deyə, indi bu istiqamətdə birbaşa işlər aparmağa başlayıblar. Müxalifət bu vaxta kimi özünü az gülünc vəziyyətə salmamışdı. Bu da onların növbəti gülünclüyü. 54 ildə “Avroviziya” tarixində olmayan bir işin, indi Azərbaycanda olmasını istəyirlər. Özü də bilirlər ki, bu işin olması qeyri-mümkündür. Qəribədir ki, “Avroviziya-2012”ni birbaşa siyasiləşdirmək istəyi müxalifətdə yeni olan birisi deyil, illərdir bu cəbhədə olan Müsavat Partiyasının rəhbəri İsa Qəmbər tərəfindən verilib. O, “Facebook” vasitəsilə öz dostlarına müraciət edərək “Avroviziya-2012” finalçılarından siyasi məhbus problemini səsləndirmələrini xahiş etmələrini istəyir. Onun təklifinin nə qədər mənasız olduğunu virtual dostlarından cəmi 2-3 nəfərinin bunu “like” etməsində özünü göstərir. Təklif xüsusən də, siyasilər tərəfindən birmənalı olaraq qınandı.
Millət vəkili Zahid Oruc, İsanın “Facebook” şəbəkəsindəki dostlarına müraciətindən danışaraq onların “Avroviziya” qələbəsini belə, hakimiyyətin əleyhinə çevirmək istədiklərini deyib: “Qələbədən belə, özləri üçün ayrıca “Avroviziya” səhnəsi yaratmağa çalışırlar. İsa Qəmbər “Avroviziya” yarışını işıqlandıracaq 1500 jurnalisti öz tribunasına çevirmək istəyir. İsa Qəmbər deyir ki, müsabiqənin bütün iştirakçıları Bakıda tribunadan siyasi məhbuslara azadlıq istəsinlər”.
Müxalif Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da bizimlə söhbətində cəmiyyətdə belə addımlardan istifadə edilməsinin doğru qarşılanmadığını bildirdi. O dedi ki, bir partiya sədri olaraq, taktiki anlamda öz faydalarına olan iş kimi bu addımı atmazdı: “İndi bu, partiyaların seçimidir. Özləri bu addımı atırlar, amma cəmiyyət buna qiymət verməlidir. Hər halda, müsbət qiymət kimi qarşılamıram”. Millət vəkilinin fikrincə, bu müsabiqəni siyasiləşdirmək olduqca yanlışdır: “Avroviziya” müsabiqəsi təcrübəsində belə bir şey olmayıb. Bu dəfə də hər kəs öz musiqi işi ilə məşğul olacaq. Siyasətə heç bir dəxli olmayan tədbir olacaq”.
“İsa Qəmbərin bu
addımı, olduqca, yanlış
bir yoldur”
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə isə bunun milli maraqlarımıza uyğun gələn məsələ olmadığını düşünür. Onun sözlərinə görə, Azərbaycanda demokratiya yoxdursa, partiyalar əl-ələ verib bu məsələləri həll etməlidir: “Dünənə qədər imperiyalarla savaşmaq üçün meydanlara çıxırdıq. Bu gün həmin imperiya nümayəndələrindən gəlib başımıza ağıl qoymalarının istənilməsi çox yanlış bir düşüncədir. Hesab edirəm ki, ümumiyyətlə, belə fikrin ortaya atılması nə vətəndaş mövqeyinə, nə də milli maraqlara uyğundur”. İsa Qəmbərin bu addımının olduqca yanlış bir yol olduğunu bildirən M.Əlizadə, bu fikrin ortaya atılmasının heç bir ölçüyə sığmadığını dedi: “Belə mübarizə olmaz. Bu gün, axı, belə düşünməməliyik ki, “Avroviziya” müsabiqəsində Azərbaycan iqtidarına qarşı müxalifətdə durulmalıdır. Burada dövlətin imicinə mənfi təsir edən fikirlər səslənməməlidir. Ümumiyyətlə, hansısa əcnəbi müğənnidən belə bir xahiş və ya tələb etmək olduqca yanlışdır”. O, Müsavat başçısının bu addımının düşmən dəyirmanına su tökmək kimi dəyərləndirilə bildiyini vurğuladı: “Çünki elə düşmənlərimiz də istəyirlər ki, Bakıda keçirilən “Avroviziya-2012”də pozuculuq fikirləri yayılsın. Doğrudanmı, Azərbaycanda insan haqlarının pozulmasında, demokratik cəmiyyətin qurulmasında bir ingilis, mozambikli gəlib bizlə mübarizə aparmalıdır? Hakimiyyət bu gün var, sabah yoxdur. Bununla xalqı gözdən salırlar”.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə də, İ.Qəmbərin bu təklifinə mənfi münasibət göstərdi. A.Əlizadənin sözlərinə görə, İ.Qəmbərin hərəkat dövründən üzü bəri ən böyük nailiyyəti separatist hərəkatın başçısı, Ermənistanın keçmiş prezidenti Levon Terpetrosyanın partiyası ilə əməkdaşlıq haqqında saziş imzalamasıdır: “Bu, onu göstərir ki, İ.Qəmbəri Azərbaycanın maraqları maraqlandırmır. Onu ancaq şəxsi maraqlar maraqlandırır. İ.Qəmbər bu gün insan haqlarından danışır, amma qısa müddətə prezident səlahiyyətlərini yerinə yetirərkən tələm-tələsik bir neçə nəfərin güllələnməsi hökmünün icrasına əmr verdi. Göstərmək istəyirdi ki, çox cəsarətli adamdır. Halbuki həmin şəxslər ərizə yazmışdılar ki, onları bağışlayıb ömürlük cəza versinlər. O zaman da Avropada hər yerdə ölüm hökmü ləğv olunurdu”.
Onun fikrincə, İ.Qəmbərin bu təklifi çox cəfəng bir şeydir: “Bu, Azərbaycanın nüfuzuna, əvvəla, xələl gətirməyəcək. İkincisi, bu müsabiqəni siyasiləşdirmək olacaq. Bu tədbir isə siyasətdən tamam kənar müsabiqədir. Yəni, bu illər ərzində bu adam nə inkişaf edib, nə də ağıllanıb”. O, xaricdə Azərbaycana qarşı tənqidi fikirlər səsləndirməyin də qəti əleyhinə olduğunu bildirdi: “Mən Azərbaycanda Azərbaycan iqtidarı haqda nə istəsəm, deyə bilərəm. Kənarda mən deyə bilmirəm. Ona görə ki, bizim Qarabağ problemimiz var. Qarabağ porblemi olarkən Azərbaycanı nüfuzdan salmaq, azı nakişilikdir. Onlar qul psixologiyası ilə yaşayan insanlardır. Bunlar “istiqlaliyyət” deyə-deyə durmuşdular. Azərbaycan müstəqil olandan sonra başladılar özlərinə yenidən “böyük qardaş” axtarmağa. İstəməzdim ki, Azərbaycanın problemlərini başqa yerdə müzakirə etsinlər. Belə olduqda, Misir, Suriya, Liviya kimi vətəndaş müharibəsi ilə nəticələnir”.
“Leyla Yunusda məntiq
deyilən şey yoxdur”
O, bizimlə söhbətində müsavatçıların iç üzünü də açıb ortaya qoydu: “Onların arasında mən bir alçaq da tanıyıram ki, demişdi kaş, Azərbaycanı da bombalasınlar, təki hakimiyyətə gəlsinlər. Özü də, bu fikri səsləndirən adamın oğlu, qızı, xanımı-hamısı İngiltərədə yaşayır. Ayrı bir hüquq müdafiəçisi də bizdə var, ailəsi İsraildədir. O da həmişə istəyir ki, Azərbaycanın işlərinə qarışsınlar”.
Hüquq müdafiəçisi demişkən, A.Əlizadədən Leyla Yunusun “Avroviziya” əleyhinə keçirdiyi kampaniya haqda da fikirlərini öyrəndik. Onun sözlərinə görə, Leyla Yunusda məntiq deyilən şey yoxdur: “Əgər Leyla Yunus “Avroviziya”ya qarşı çıxırsa, elə hər il Bakıda keçirilən Rastropoviç adına Beynəlxalq Musiqi Festivalına da qarşı çıxsın. Bu festivala daha məşhur ulduzlar gəlirlər. Bəs, onda niyə susur? O, sökülən evinin davasını edir. Rəhim Qazıyev müdafiə naziri olanda Leyla Yunus polkovnik olub. Müdafiə Nazirliyində şöbə rəisi idi. Bu hüquq müdafiəçisi, o zaman əsgərlərə su idarəsinin rəisini döydürtmüşdü. Bu insan hüquq müdafiəçisidir, amma digər hüquq müdafiəçisi Arzu Abdullayevanı tutdurmuşdu. O vaxtlar Moskvada bizim səfirliyimizin nəzdində olan hoteldə camaatın üstünə “Mən polkovnik Yunusovayam” bağıraraq deyirdi ki, ona qulluq etməlidirlər”.
FUAD
-
14/05/2012/ 18:39
“Heydər Əliyev kuboku” turniri başa çatıb -
14/05/2012/ 18:37
Azərbaycan və türk diasporu Nyu-Yorkda ermənilərin dərsini verib -
14/05/2012/ 18:34
“Müxalifət üçün “Avroviziya” son mərhələdir” -
14/05/2012/ 18:29
“İranın siyasi dairələri artan beynəlxalq təzyiqlər fonunda çaşqın durumdadır” -
14/05/2012/ 18:24
Prezident Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Patrik Mak Quaydı qəbul edib -
14/05/2012/ 18:22
ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər -
14/05/2012/ 12:15
Bir vaxtlar şüşə sənəti yoxa çıxdığı kimi keramika da unudulacaq -
14/05/2012/ 12:14
“Azərbaycan həqiqətlərinin yayılması DTGB-nin gündəlik işidir” -
11/05/2012/ 19:02
Müxalifət qorxur

