Paritet.az :: İctimai-siyasi qəzet: Bakı “Avroviziya” mahnı yarışmasının rəsmi paytaxtıdır Bakı “Avroviziya” mahnı yarışmasının rəsmi paytaxtıdır ================================================================================ Agasef Memmedov on 25/01/2012/ 19:39 Avropanın mötəbər musiqi müsabiqəsi hesab olunan “Avroviziya” mahnı yarışması yaxınlaşdıqca ənənəvi tədbirlərin təşkilinə başlanılır. Yarışmaya ev sahibliyi edəcək Bakıda müsabiqənin yeni logo və konsepsiyalarının təqdimat mərasimi keçirilib. Rəmzi açar təqdimetmə mərasimi möhtəşəmliyi ilə seçilib.Müsabiqənin icraçı prodüseri Adil Kərimli “1-ci Kanal”a açıqlamasında bildirib ki, tədbir Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun keçirilir: “Tədbirdə Eurovision iştirakçılarının, yəni iştirak edəcək 43 ölkənin 1-ci və 2-ci yarım finallar üzrə bölüşdürülməsi prosesi, püşkatma mərhələsi olacaq. Əvvəlkilərdən fərqli olaraq Avroviziyada ənənəvi sayılan açarın təhvil-təslimi formatından bir qədər kənarlaşmışıq. Tədbir Avropa Yayımları Birliyinin iştirakçı ölkələrinə yayımlanacaq və bir çox yayımçılar bu mərasimin canlı yayımını həyata keçirəcək. Digərləri isə bunun video yazısını sonrakı mərhələlərdə yayımlayacaq”. Tədbiri işıqlandırmaq üçün xarici ölkə jurnalistlərinin bir qrupu Bakıya gəlib. Bir sıra iştirakçı dövlətlərdən, eləcədə də “Euronews” telekanalından çox sayda nümayəndələr gəlib. A. Kərimlinin sözlərinə görə, rəsmi olaraq təşkilati işlərlə, bütövlükdə hazırlıq işləri ilə bağlı məsələləri əhatə edəcək bir mətbuat konfransı keçiriləcək. Bu barədə dəqiq məlumat işçi qrupu tərəfindən bir daha bütün mətbuat nümayəndələrinə yayılacaq. Tədbirdə yarışmanın ən son keçirildiyi Almaniyanın Düsseldorf şəhərinin meri iştirak edib. O, ənənəvi “Avrovizia açarını Bakıya həvalə edib. Və bu təqdimatdan sonra Bakı rəsmi olaraq “Avroviziya 2012”-nin paytaxtı elan olunub. Təqdimat gecəsində finalda Böyük beşliyə qatılacaq yarımfinalçıların püşkatma mərasimi də baş tutub. Böyük beşliyə Almaniya, İtaliya, Böyük Britaniya, İspaniya və yarışmanın son qalibi qismində Azərbaycan daxildir. İştirakçı dövlətlərin təmsilçilərinin çıxış ardıcıllığı isə Martda atılacaq növbəti püşkatmadan sonra müəyyənləşəcək. Bu ay “Avroviziya” ilə bağlı Bakıda təşkil olunacaq ilk rəsmi tədbirin önəmli məqamlarından biri də yarışmanın növbəti konsepsiyasının, 2012-ci il üçün şüarının və yeni loqosunun təqdimatıdır. “Avroviziya-2012” mahnı müsabiqəsinin keçiriləcəyi məkan təsdiqlənib. Müsabiqə Bayraq Meydanında inşa olunan “Baku Crystal Hall”da baş tutacaq. Müsabiqənin Azərbaycan üzrə yayımçısı İctimai Teleradio bu müsabiqə üçün 3 potensial yer təklif edib, lakin EBU üstünlüyü yeni qapalı arenaya verib. Yeni tikilən “Baku Crystal Hall” təxminən 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcəklər. “Avroviziya” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand bu qərar barədə fikirlərini bölüşüb: “Biz çox həyəcanlıyıq. “Avroviziya-2012” yeni konsert zalında keçiriləcək. Biz tikinti işlərinin vaxtında tamamlanacağı barədə zəmanət aldıqdan sonra müsabiqə üçün hazırlığa başlaya bilərik”.