Min aydan daha xeyirli gecə
“Kim Qədr gecəsinin, fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və zikr ilə keçirərsə keçmiş günahları bağışlanar”
Ramazan ayının sonuncu 10 günlərini yaşayırıq. Bu günlərin və ümumiyyətlə Ramazan ayının ən mühüm hadisəsi Qədr gecəsidir. Bu müqəddəs və fəzilətli gecə Ramazan ayının şah zirvəsidir. Ramazana 11 ayın sualtı deyilirsə, Qədr gecəsini onun başının tacı hesab etmək olar. Çünki Qurani-Kərim bu gecə nazil olub. Qurani-Kərimdə bu gecənin fəzilətini bildirən müstəqil bir surə vardır. Bu surədə Uca Allah buyurur: Bismillahir-rəhmanir-rəhim! “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!” (“Qədr” surəsi, 97/1-5).
“Qədr gecəsi” ifadəsi bizim dildə “qədər gecəsi” mənasını daşıyır. Təfsirçilərə görə, “Qədr” surəsində bu gecə barəsində danışarkən, Allah iki məsələyə diqqət yetirir. Birincisi, Quranın bu gecədə nazil olmasına, ikincisi isə, insanların gələn ilə kimi qədərlərinin, qismətlərinin yazılmasıdır. İslam əqidəsində, insan özü öz taleyini müəyyən edir. Allahın qisməti və qədəri insanın öz əməllərinin nəticəsidir.
Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olması haqqında müxtəlif fikirlər ortaya atılıb. Alimlərin əksəriyyəti, həmin gecənin Ramazan ayının iyirmi yeddinci gecəsi olduğunu ifadə edirlər.
Hz. Peyğəmbər: “Siz Qədr gecəsini Ramazanın axırıncı on günündəki tək rəqəmli gecələrində axtarın!”, - buyurmuşdur (“Təcrid”, VI, 320). Allah Rəsulunun başqa bir hədisində də belə deyilir: “Kim Qədr gecəsini axtararsa, onu Ramazanın sonuncu yeddi günündə axtarsın” (“Təcrid”, VI, 314). Qədr gecəsinin ilin hər hansı bir gecəsi ola biləcəyi də rəvayət edilib. Əbu Hənifə də bu fikirdədir. Bu fikrə görə, ilin hər gecəsi Qədr gecəsi kimi dəyərləndirilməlidir. Mövzu ilə bağlı Fars dilindəki bir şeir də bu məsələ belə tərənnüm edilir: “Ey Xacə! Qədr gecəsinin nəyə görə bəzi əlamətlərindən bəhs edirsən? Əgər zamanın qiymətini bilirsənsə, hər gecə Qədr gecəsidir” (“Təcrid”, VI, 316).
Peyğəmbərimizin (s) səhabəsi olan Ubey İbn Kəb belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O 27-ci gecədir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır.” (Bu hədisi Muslim, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişdir).
İslam qaynaqlarının bildirdiyinə görə, Allah Tala bir çox hikmətlərə dayanaraq Qədr gecəsini və onun xaricində daha başqa günləri də gizli tutmuşdur.
Görünür Peyğəmbər (s) və imamların (ə) həmin gecənin dəqiq vaxtını insanlar söyləməməsində məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Beləliklə, hədislərdən bəlli olur ki, Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Ona görə müsəlmanlar bu üç gecəni oyaq qalır, xüsusi ibadətləri yerinə yetirir, Allahla münaciət edirlər. Qədr gecəsində əhya saxlanıldığından (oyaq qalmaq) bu üç gecəyə həm də “əhya gecələri” deyilir.
Əbu Hüreyrədən (r.a) rəvayət edilən bir hədisdə Peyğəmbər (s) belə buyurmuşdur: “Kim Qədr gecəsinin, fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və zikr ilə keçirərsə keçmiş günahları bağışlanar” (Buxari, Qədr gecəsi 1).
Xatırladaq ki, Mübarək Ramazan ayının 19-cu və 21-ci gecələri İslam aləmində qəmli günlərdən sayılır. 19-cu gecə Həzrət Əli (ə) Kufə məscidində sübh namazını qıldığı zaman zərbələnib, 21-ci gecə isə şəhadətə yetişib. Odur ki, bu gecələrdə Həzrət Əlini (ə) yad etmək, onu uzaqdan da olsa ziyarət etmək lazımdır.
Qədr gecəsinin fəzilət
və əməlləri
Qeyd etdiymiz kimi möminlər bu gecəni ayıq qalaraq ibadət və zikr etməklə keçirirlər. Bu baxımdan Qədr gecəsində edilən və savab olan əməllər müəyən olunub. Ramazan.az saytına görə həmin yerinə yetirilməsi bəyənilən əməllər aşağıdakı kimdir:
1) Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: “Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah”. Bu qüslün böyük savabı vardır.
2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.”
3) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: “ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm.”
4) Qədr gecəsinin namazı, Qədr gecəsində qılınan namazın böyük şərəfatə vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: “Qədr gecəsinin namazını qılıram qürbətən ilallah”. Sübh namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra 7 dəfə mübarək “İxlas” surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir.
İmam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və ata-anasının günahlarını bağışlayar”.
5) Quranı başa qoyub Allahu-təalanın (c.c.), peyğəmbərin və imamların adlarına and verməklə Allahu-təaladan (c.c.) günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahu-təalanın (c.c.) insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam”. Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: “Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu cəhənnəmə tərəf yönəldər”. (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)
Quranı başa qoyub Allahu-təalaya (c.c.) və 14 məsuma and verməyin mənası budur ki, “Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm.”
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utaikə minən-nar.
Əllahummə bihəqqi həzəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:
Bikə ya Allah (10 dəfə), bi Muhəmmədin (10 dəfə), bi Əliyyin (10 dəfə), bi Fatimətə (10 dəfə), bil Həsəni (10 dəfə), bil Hüseyni (10 dəfə), bi Əli ibn Huseyn (10 dəfə), bi Muhəmməd ibn Əli (10 dəfə), bi Cəfər ibn Muhəmməd (10 dəfə), bi Musa ibn Cəfər (10 dəfə), bi Əli ibn Musa (10 dəfə), bi Muhəmməd ibn Əli (10 dəfə), bi Əli ibn Muhəmməd (10 dəfə), bi Həsən ibn Əli (10 dəfə), bil Huccəti (10 dəfə).
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahu-təaladan (c.c.) günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6) İmam Əli (ə) və İmam Huseyn (ə) ziyarətnaməsini oxumaq.
7) 100 rəkət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qıla bilər. Bunun savabı həm 100 rəkətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
8) Peyğəmbər (s) və Əhli-Beytinə salavat göndərmək.
9) Cövşən-kəbir duasını oxumaq
10) Həzrət Əli (ə)-ın qatilinə lənət oxumaq. Yüz dəfə “Əllahummə lə’n qətələtə əmirəl-möminin” (Yəni: “İlahi, Əli (ə)-ın qatillərinə lənət et”).
11) Yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: “Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm”.
Qurani-Kərimdə buyurulduğu kimi Qədr gecəsi min aydan daha xeyirlidir. Bunun da hikməti odur ki, min ayda təxminən 83 il sığışır. Bu da orta olaraq bir insan ömründən çoxdur. Demək Qədr gecəsində bir insanın illərlə etdiyi ibadətin savabını qazanmaq olar. O üzdən bir ömürə dəyən gecənin şansını qaçırmamaq lazımdır. Allahdan istəyirik ki, bu şərəfli gecəyə rast gələnlərdən və günahlarımızı bağışladığı qullardan etsin. Amin!
-
06/02/2012/ 18:16
Xocalı soyqırımı haqqında BMT-yə qətnamə göndəriləcək -
06/02/2012/ 18:14
Niderlandın məşhur “PZC” qəzetinin Azərbaycandan yazması erməniləri hiddətləndirib -
06/02/2012/ 18:12
“Ziyalılar Forumu qeyri-qanuni bir şeydir, üzvləri də fərari ziyalılardır” -
06/02/2012/ 18:11
“İranda yaşayan azərbaycanlılar bu dövlətin əsl sahibidirlər” -
06/02/2012/ 18:09
Azərbaycan Prezidentindən Fransa Senatının son qərarına sərt etiraz -
06/02/2012/ 18:07
“Azərbaycanda müasir, sabit cəmiyyət vardır” -
06/02/2012/ 11:06
Heykəltəraş Ömər Eldarovun “Elegiya” əsəri -
03/02/2012/ 18:10
“Azərbaycan və Türkiyə münasibətlərinə kimsə kölgə sala bilməz” -
03/02/2012/ 18:08
“Fransanın vasitəçi kimi danışması bundan sonra qəbuledilən deyil”

