Paritet.az :: İctimai-siyasi qəzet: Tarixi eksponatlara yeni həyat bəxş edən bərpaçı Tarixi eksponatlara yeni həyat bəxş edən bərpaçı ================================================================================ Agasef Memmedov on 03/09/2010/ 19:33 Hər bir ölkənin milli mədəniyyəti, tarixi, adət-ənənəsi onun ən dəyərli sərvətidir. Bu sərvəti qoruyub saxlamaqda muzeylər və belə demək olarsa çətin və məsuliyyətli peşənin sahibləri olan bərpaçıların üzərinə böyük iş düşür. Bizdə xeyli müddətdir ki, tarixi eksponatları bərpa edərək yaşadan, Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçısı İlhamə Rəhimova ilə həmsöhbət olduq. Bərpa və konservasiyanın çətin, eyni zamanda zövqlü bir iş olduğunu deyən bərpaçı qeyd etdi ki, yeddi ildir ki, Milli Azərbaycan Tarixi Muzeyində etnoqrafik parçaların bərpası ilə məşğuldur:” Bu işə Nailə xanımın və mərhum Ətiqə xanımın xeyir-duası, məsləhəti ilə başlamışam. Hər hansı əşyanı bərpa etməzdən əvvəl onun haqqında əsas məlumatı toplayır, hansısa bilgiyə sahib olduqdan sonra bir növ o dövrün təsiri altında işə başlayıram”. Bərpa etdiyi ilk eksponatdan danışan bərpaçı bunları söylədi:” Bərpa etdiyim ilk geyim İrəvan xanlığında istifadə olunmuş moruğu rəngli tumandır. Uzunluğu 96 sm, eni 90 sm olan tumanın beli, ətəyi süzülmüş və cırılmışdı. Tumanın əvvəlki və bərpadan sonrakı vəziyyəti arasındakı fərq aydın görünür. Tumanın bərpası dörd aya başa gəlib”. “Rəqsanə xanımla birlikdə bərpa və konservasiya etdiyim ikinci eksponat Muzeyə yeni alınmış mahud parçadan təkəlduz tikmədir. Uzunluğu 4 metr, eni 3 metr olan tikmənin konservasiyası üç ay müddətinə başa çatıb”- deyən İ. Rəhimova bildirdi ki, tikmənin üzərindəki irili-xırdalı 33 ədəd (güvə yemiş) deşik uyğun şəkildə tikilib əvvəlki vəziyyətinə qaytarılıb. Konservasiya prosesində tikmənin arxa hissəsinə bez parça çəkilməsi də daxil idi. Həmin tikmə hal-hazırda ekspozisiyada nümayiş etdirilir. XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olan məxmər yəhərüstü üzərində bərpa işlərini davam etdirdiyini deyən bərpaçı dedi ki, yəhərüstünün çox hissəsi süzülüb, piləklərinin sapları çürüdüyünə görə 50-60 %-i tökülüb:” Piləklərin bərkidilməsi çox vaxt apardığına görə işimi iki hissəyə bölmüşəm. Monitorda ilk başladığım və hal-hazırda başa çatdırdığım hissəni görürsünüz. Bərpa zamanı sökülmüş astar təmizlənəndə müəyyən qədər at tükü aşkara çıxarıldı”. Sonda isə bildirdi ki, bundan sonra da konservasiya və bərpa işlərini mütəmadi olaraq davam etdirəcək:” Bu işlərin daha səmərəli görülməsi üçün beynəlxalq təcrübəni də öyrənməyə ehtiyac vardır. Xüsusilə zəngin etnoqrafik parçaların bərpa edildiyi Türkiyə bərpa mərkəzlərində təcrübə keçmək istədiyimizi qeyd etmək istəyirəm. Bu, dil problemini də bizə hiss etdirməz. Onu da qeyd edim ki, bir müddət əvvəl, ilk dəfə olaraq biz bərpa etdiyimiz eksponatların sərgisini keçirmişik. Bu, ölkə və muzey rəhbərliyinin bizə etimadının və gördüyümüz işə verilən qiymətin göstəricisidir”. GÜNAY