33 sahibkara 500 min manat məbləğində güzəştli kredit verilib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini sentyabrın 3-də Oğuz rayonunda keçirib. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 260-a yaxın sahibkar iştirak edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Oğuz rayonunda “CPC” MMC-nin inşa etdirdiyi qarğıdalı emalı (qlükoza istehsalı) zavodunda və İsmayıllı rayonunda “EVİAR” MMC-nin inşa etdirdiyi çörək zavodunda aparılan tikinti tamamlama işlərinə, “İsmayıllı Quşçuluq” MMC-nin fəaliyyətinə baxış keçirilib.
Sonra Oğuzda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini qeyd etmiş, rayonda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını bildirib.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin aparıcı məsləhətçisi Seyran Ədilov çıxış edərək dövlət başçısının uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulamış, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd etmişlər. Bildirilib ki, hazırda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır, sahibkarlıq fəaliyyəti daha da genişlənir.
Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin regionlarla iş və əlaqələndirmə şöbəsinin müdiri Qorxmaz Əfəndiyev sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri kimi maarifləndirmənin əhəmiyyətini vurğulamış, sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərə zəruri nəzəri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, onlara tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi sahəsində mərkəzin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, Fond müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (üzüm, ərik, şaftalı, gavalı, albalı, gilas, xurma, alma, armud, tut və s. meyvələrin qurudulması və ya konservləşdirilməsi, o cümlədən mürəbbə, marinad, cem, jele və s.) müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbulunu davam etdirir.
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində sahibkarlar üçün treninq də keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə sahibkarlara ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması proseduru, investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, biznes-planların hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib.
Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 500 min manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 35 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, SKMF sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini digər rayonlarda da davam etdirəcək.
MURAD
-
06/02/2012/ 18:16
Xocalı soyqırımı haqqında BMT-yə qətnamə göndəriləcək -
06/02/2012/ 18:14
Niderlandın məşhur “PZC” qəzetinin Azərbaycandan yazması erməniləri hiddətləndirib -
06/02/2012/ 18:12
“Ziyalılar Forumu qeyri-qanuni bir şeydir, üzvləri də fərari ziyalılardır” -
06/02/2012/ 18:11
“İranda yaşayan azərbaycanlılar bu dövlətin əsl sahibidirlər” -
06/02/2012/ 18:09
Azərbaycan Prezidentindən Fransa Senatının son qərarına sərt etiraz -
06/02/2012/ 18:07
“Azərbaycanda müasir, sabit cəmiyyət vardır” -
06/02/2012/ 11:06
Heykəltəraş Ömər Eldarovun “Elegiya” əsəri -
03/02/2012/ 18:10
“Azərbaycan və Türkiyə münasibətlərinə kimsə kölgə sala bilməz” -
03/02/2012/ 18:08
“Fransanın vasitəçi kimi danışması bundan sonra qəbuledilən deyil”

