Baş səhifə | GÜNÜN İÇİNDƏN | “Əsas hədəfimiz Xocalı faciəsinə dünyada siyasi və hüquqi qiymətin verilməsinə nail olmaqdır”

“Əsas hədəfimiz Xocalı faciəsinə dünyada siyasi və hüquqi qiymətin verilməsinə nail olmaqdır”

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Hulisi Kılıç: “26 fevralda dünyaya iki dövlətin qardaşlığını bir daha açıq şəkildə bəyan edəcəyik”

 

 Ötən gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Atatürk Mərkəzində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi. YAP-in icra katibi Əli Əhmədov bildirdi ki, dəyirmi masanın keçirilməsində məqsəd 20 il ərzində Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması yönümündə atılan  addımları dəyərləndirmək, qarşımızda duran vəzifələri və əsas hədəfləri müəyyən etməkdir:” Əslində bu cinayət müasir taiximizin ən böyük cinayətlərindən biridir. Bu  hadisə həm də tarixdə ermənilərin növbəti bir vəhşiliyinin ifşası oldu”. O bildirdi ki, bu hadisə  azərbaycanlılara və türklərə qarşı ermənilər tərəfindən törədilən soyqırım cinayətlərinin ilki deyildi. Bu, erməni cinayətinin növbəti nümunəsi idi, amma daha qanlı, daha qəddarcasına törədilmiş  cinayət idi. Bir gecədə bir şəhər yer üzündən silindi, uşaqlar, qocalar, qadınlar qətlə yetirildi.

 

 Ə.Əhmədov bildirdi ki, soyqırımın 20 illiyi ilə əlaqədar olaraq həm Azərbaycanda , həm Türkiyədə müxtəlif tədbirlər keçiriləcək:”Keçirilən bütün tədbirlər faciənin dəhşətlərini beynəlxalq təşkilatlara, dünya birliklərinə çatdırmağa imkan verəcək. Biz təəssüf hissi ilə qeyd edirik ki, bir çox beynəlxalq qurumlar hələ də bu faciənin siyasi və hüquqi qiymətini verə bilməyiblər. Azərbaycanın müvafiq dövlət və hökumət qurumlarının müraciətlərinə baxmayaraq ikili standartlara  əsaslanan  bəzi beynəlxalq birliklər buna  biganə münasibət bəsləyirlər. İndi  əsas vəzifəmiz  bu maneələrə baxmayaraq Xocalı faciəsinin bütün həqiqətlərini dünya birliyinə bir daha çatdırmaq və  bu biganəliyin aradan qaldırılmasına çalışmaqdır.  Bu faktdır ki, ötən müddət ərzində Xocalı soyqırımının qiymətləndirilməsi və dünyada tanıdılması istiqamətində müəyyən addımlar atılıb. Azərbaycan hökuməti, Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul edib və hadisəyə qiymət verilib. Xocalı soyqırımının ayrı-ayrı ölkə parlamentləri  tərəfindən bu faciənin soyqırım kimi qəbul olunması ilə əlaqədar ardıcıl səylər göstərilib. Bu  səylərin nəticəsi olaraq Pakistan və Meksika parlamentləri, İƏT Parlament İttifaqı Xocalı faciəsini soyqırım aktı kimi qəbul edib. Bu istiqamətdə dünyada çox əhəmiyyətli təbliğat işləri  aparılıb və bu gün də aparılır. Bir neçə gündən sonra qardaş Türkiyədə bu faciənin 20-ci  ildönümü ilə bağlı böyük bir yürüşün keçirilməsi nəzərdə tutulur. Bizim görüləsi işlərimiz də çoxdur. İkili standartların  olması, Xocalı soyqırımına bəzi ölkələrdə biganəlik biz azərbaycanlıları ruhdan salmamalıdır və bu faciəni dünyada tanıtmaq istiqamətində daha ciddi, qətiyyətlə qüvvələrimizi səfərbər etməliyik. İndi də  əsas hədəfimiz Xocalı faciəsinə dünyada siyasi və hüquqi qiymətin  verilməsinə nail olmaqdır. Bu səylər daha da artırılarsa dünyanın daha çox ölkələri Xocalı soyqırımını qəbul edərlər”.  Eyni zamanda o hesab edir ki, bu faciəni Azərbaycan xalqının milli şüurunun bir elementinə çevirməliyik ki, gələcək nəsil heç vaxt  unutmasın.

 “Böyük Ermənistan yaratmaq” xülyasından yola çıxaraq  işğalçılıq siyasəti yeridən ermənilərin kuliminasiya nöqtəsi  məhz Xocalı faciəsi olduğunu vurğulayan Xocalı rayon İcra Hakimiyyətinin  başçısı Şahmar Usubov beynəlxalq qurumlardan bu hadisəyə lazimi qiymət verilməsini tələb etdi.  Onun  sözlərinə görə, Xocalı sakinləri hazırda ölkənin bir çox yerlərində yaşayış yerləri ilə təmin olunub, onlar üçün bütün sosial infrastrukturu olan yaşayış massivləri salınıb.

Milli Məclisin şöbə müdiri Nizami Səfərov  isə hesab edir ki, Qarabağ ərazisində törədilən cinayətlər üzrə beynəlxalq məhkəmə  orqanı təsis edilməlidir.  “Bunun üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən müəyyən qərar verilməlidir”.

 1992-ci il 26 fevral tarixinin dünya üçün qara bir ləkə olduğunu vurğulayan Türkiyənin Azərbaycandakı  səfiri Hulusi Kılıç bildirdi ki, bu soyqırımı heç kim unutmayacaq. “Dünyanın gözü qarşısında Xocalıda qətliamlar törədilib. Bunu sübut edəcək çoxlu sayda fakt var. Amma təəssüf ki, bizə edilənləri kimsə görmür. Bizə qarşı soyqırım iddiası ilə çıxış edənlərə demək lazımdır ki, bu da sizin etdiyiniz soyqırım. Xocalı faciəsini unutdurmaq cəhdi edənlər 100 il əvvəlki hadisələr barədə məsələləri qaldırmaq istəyirlər. Lakin  bu məsələdə biz Azərbaycanın yanında olacağıq. Necə ki, Azərbaycan  Türkiyənin  yanındadır. Fransa Senatının qərarı türk birliyini daha da möhkəmləndirdi.  26 fevralda dünyaya iki dövlətin qardaşlığını bir daha açıq şəkildə bəyan edəcəyik”. 

  Millət vəkili  Gövhər Baxşəliyeva öz çıxışında bildirdi ki, Xocalı soyqırımının dünyada tanıdılmasını istəyiriksə durmadan bu istiqamətdə işlər görməliyik:”Beynəlxalq qurumlarda bu faktın tanınmasına nail olmalıyıq, bu hadisə ilə əlaqədar məlumatları müxtəlif dillərə tərcümə edib, yaymalıyıq”.

 Daha sonra dəyirmi masada çıxış edənlər Xocalı soyqırımının əhəmiyyətli fakt kimi dünyada tanıdılması istiqamətində müəyyən təkliflərlə çıxış etdilər.

Nərmin MURADOVA

 

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az