Paritet.az :: İctimai-siyasi qəzet: Prezident Davosda görüşlər keçirib Prezident Davosda görüşlər keçirib ================================================================================ Agasef Memmedov on 27/01/2012/ 19:32 Prezident İlham Əliyev yanvarın 26-da Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşüb.Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi və əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Energetika sahəsində əməkdaşlığın önəminin qeyd olunduğu görüşdə “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edilib. Prezidentin “Holcim Group” şirkətinin idarə heyətinin sədri Markus Akerman ilə görüşündə şirkətinin Azərbaycandakı fəaliyyətindən, ölkəmizə investisiya qoymasından və bu şirkətin Qaradağ sement zavodunun tikintisində iştirakından məmnunluq ifadə olunub(APA). Azərbaycanda birlikdə təməli qoyulan yeni sement zavodunun bu il istifadəyə veriləcəyinin vurğulandığı görüşdə bunun iqtisadi əlaqələrimizin genişlənməsində önəmli hadisə olduğu bildirilib.Prezident “Edisson” şirkətinin baş icraçı direktoru Bruno Leskör ilə Davosda görüşüb.Görüşdə Cənubi Avropa regionunun təbii qazla təmin edilməsi ilə bağlı müzakirələr aparılıb. Dünənsə Polşa prezidenti Bronislav Komorovski ilə görüşü olub.Görüşdə Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan və Polşa prezidentlərinin müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin bu münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb. Görüşdə Azərbaycanla Polşa arasında bir sıra sahədə əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən enerji sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşdə Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib. Pakistan İslam Respublikasının baş naziri Sayed Yusuf Raza Gilani ilə görüşdə Gilani Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə prezident İlham Əliyevi təbrik edib. Görüşdə əlaqələrimizin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib və bunun çox böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Azərbaycanın və Pakistanın bir-birini həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəklədiyi bildirilib və bu dəstəyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Görüşdə ölkələrimiz arasında neft-qaz, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.