İki ölkənin elm və ictimaiyyət nümayəndələri arasında dialoq qurulacaq
Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin onuncu üçtərəfli görüşü keçirildi
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərinə işgüzar səfərə yola düşüb(APA). Görüşdən əvvəl Rusiya Prezident Administrasiyası məlumat yaymışdı .Məlumatda deyilirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərini etimadın gücləndirilməsinin vacibliyinə ardıcıl şəkildə inandırır( Trend). Kremlin mətbuat xidmətinin bazar günü yaydığı məlumatda bildirilir ki,Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2011-ci il martın 5-də Soçidə qəbul etdiyi birgə bəyanat da bu məqsədin nail olunmasına yönəlib. Həmin bəyanatda bütün mübahisəli məsələlərin sülh vasitələri ilə həll etmək və atəşkəs xəttində baş verən insidentlərin ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında araşdırmaq cəhdləri öz əksini tapıb” deyə məlumatda bildirilir.
“Atəşkəs rejiminin pozulmasının tezləşmiş halları, hərbçilər və dinc sakinlər arasında qurbanlar və hər iki tərəfdən səslənən hərbi ritorika bizdə ciddi narahatlıq doğurur”, deyə Kremlin məlumatında bildirilir.Məlumata əsasən, rəsmi Moskva ümid edir ki, qısa müddətdə insidentlərin araşdırılması mexanizmi üzərində iş başa çatdıralacaq.
Qarşılıqlı etimadın gücləndirilməsi üzrə tədbirlərin sırasında ziyalılar, elmi və ictimai dairələr arasında dialoqun bərpası təklif olunur.Kremlin məlumatında həmçinin bildirilir ki, D. Medvedev İlham Əliyev və Serj Sərkisyanla ikitərəfli görüşlər də keçirəcək:”Rusiya-Azərbaycan danışıqlarının gündəmində Xəzər dənizi məsələlərinə, regional və beynəlxalq məsələlərdə koordinasiyaya böyük diqqət yetirilir. Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi bu sahədə qarşılıqlı əməkdaşlıq üçün əlavə imkanlar yaradır” .
Medvedev-Sərkisyan görüşündə isə Rusiya-Ermənistan strateji tərəfdaşlığının və ittifaqının ən vacib aspektləri diqqət mərkəzində olacaq.
Dünən Rusiya və Azərbaycan prezidentlərinin ikitərəfli görüşü olub. Görüşdə ikitərəfli münasibətlər və Qafqazda vəziyyət müzakirə olunub. D. Medvedev regionda vəziyyətin inkişaf tendensiyaları ətrafında fikir mübadiləsi aparılacağını deyib: “Biz Qafqaz regionu ilə sıx tellərlə bağlıyıq və digər yaxın bölgələrdə yanaşı, bu bölgədə də baş verən heç bir hadisəyə laqeyd qala bilmərik”.
D. Medvedev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üç ölkənin prezidentinin iştirakı ilə keçiriləcək görüşü yüksək dəyərləndirib: “Belə görüşlər mütəmadi keçirilir, bəzi məqamlarda irəliləyişlər var, bəzi məqamlarda problemlər var, lakin dialoq əhəmiyyətlidir və əminəm ki, bu kimi əlaqələr davam edəcək”.
Rusiya prezidenti görüşdə Azərbaycanla münasibətlərin inkişaf istiqamətlərinin də dəyərləndiriləcəyini deyib. O, ötən il iki ölkə arasında əməkdaşlığın nəticələrinin qənaətbəxş olduğunu vurğulayıb. Azərbaycan prezidenti münasibətlərin intensiv xarakterinin bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirməyə imkan verdiyi fikri ilə razılaşıb: “Ötən il çox uğurlu oldu, biz qarşılıqlı əməkdaşlığı möhkəmləndirdik, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi isə on faizlərlə artıb”.
Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasına yönəlmiş səyləri davam etdirdiyinə görə rusiyalı həmkarına təşəkkür edib: “Tamamilə düz qeyd etdiyiniz kimi, ümidverici anlar da olub, pessimizm əhval-ruhiyyəsini gücləndirən anlar da. Lakin sizin səylərinizi davam etdirməyiniz optimizmi artırır”. İlham Əliyev həmçinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklədiyinə görə Dmitri Medvedyevə təşəkkürünü bildirib: “Növbəti iki ildə BMT Təhlükəsizlik Şurasında sıx qarşılıqlı fəaliyyətimizi davam etdirəcək və bizə dəstək verən 155 ölkənin ümidlərini doğrultmağa can atacağıq”.
Soçidə Medvedev və Sərkisyan arasında da görüş keçirilib. “RİA Novosti”nin verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlər və regional problemlər müzakirə edilib. D. Medvedev görüşün əvvəlində qarşılıqlı ticarət dövriyyəsinin inkişafı baxımından 2011-ci ilin heç də pis nəticələnmədiyini, iki ölkə arasında işgüzar əlaqələrin inkişaf etdiyini söyləyib. O, regional problemlərin müzakirəsini də təklif edərək bu sahədə bir sıra mürəkkəb məsələlərin olduğuna diqqət çəkib.
İki lider bir qədər sonra Azərbaycan Prezidentinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib. S. Sarkisyan bu cür görüşlərin çox faydalı olduğunu deyib: “Dağlıq Qarabağ probleminin həlli üçün göstərdiyiniz səylərə görə sağ olun. Bu cür görüşlər və sizin bu işə ayırdığınız diqqət vəziyyəti az-çox nəzarətdə saxlamağa imkan verir”.
Görüş Soçi yaxınlığındakı “Krasnaya Polyana” iqamətgahında keçirilib.
Beləliklə,Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sərkisyan bazar ertəsi Soçidə üçtərəfli formatda 10-cu görüş keçiriblər. Görüş nəticəsində prezidentlər birgə bəyanat qəbul ediblər. “RİA Novosti” məlumat verir ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə hazır olduqlarını bəyan ediblər:”Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasında irəliləyiş əldə edilib. Sülh sazişinin hazırlanmasına keçidin vacibliyi diqqətə alınmaqla Azərbaycan və Ermənistan prezidentləri indiyə qədər aparılan işlər nəzərə alınmaqla, əsas prinsiplər üzrə razılıqların əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildiriblər”..
Bəyanatda qeyd edilir ki, İlham Əliyev və Serj Sarkisyan Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrinin (Fransa və ABŞ) vasitəçilik fəaliyyətinə yüksək qiymət veriblər. Onlar ümid etdiklərini bildiriblər ki, Rusiya, ABŞ və Fransa yekun sülhün və regionda sabitliyin təsdiqinə qədər bu qisimdə gələcəkdə də nizamlanmada fəal rol oynayacaqlar.
Sənəddə deyilir ki, İlham Əliyev və D. Medvedev təsdiq ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində etimadın möhkəmləndirilməsi addımlarından biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar olaraq, Azərbaycan və Ermənistan prezidentləri gələcəkdə ziyalı, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun qurulmasına dəstək verməyə hazır olduqlarını bəyan ediblər.
Üç ölkənin prezidenti həmsədrlərin ATƏT sədrinin şəxsi nümayəndəsi ilə birgə atəşkəs xətti boyunca araşdırmaların keçirilməsi mexanizmi haqqında hazırladıqları məruzəni dinləyib və bu işi davam etdirməyi tapşırıb.
Azərbaycan, Rusiya və Ermənistan liderləri 2008-ci il noyabrın 2-dən başlanan ilk üçtərəfli görüşdən bəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görülən işin böyük həcmini qeyd ediblər.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın dövlət başçıları rusiyalı həmkarlarının dəvəti ilə Soçiyə səfər ediblər.Azərbaycan və Ermənistan liderləri 2011-ci il dekabrın əvvəllərində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışqıların aparılması üçün yenidən görüşmək istədiklərini bəyan etmişdilər. Bu barədə ATƏT Nazirlər Şurasının Vilnüsdə keçirilən görüşünün yekunları üzrə ATƏT-in rəsmi saytında məlumat verilib.
2011-ci ildə Rusiya tərəfinin vasitəçiliyi ilə tərəflər iki dəfə - martın 5-də Soçidə və iyunun 24-də Kazanda görüşüblər.
İSMAYIL
-
22/02/2012/ 18:28
“Əsas hədəfimiz Xocalı faciəsinə dünyada siyasi və hüquqi qiymətin verilməsinə nail olmaqdır” -
22/02/2012/ 18:25
Xocalıda girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil -
22/02/2012/ 18:24
Azərbaycanlı və erməni ziyalıları üçüncü dəfə görüşdü -
22/02/2012/ 18:22
Azərbaycana qarşı növbəti qərəz -
22/02/2012/ 18:20
Siyasilər İsa Qəmbərin təkliflərini cəfəng hesab edirlər -
22/02/2012/ 18:18
Rusiya neftinin azərbaycanlı fatehi -
22/02/2012/ 18:17
Yığmamızın futbolçusu İspaniya klubundan ayrıldı -
22/02/2012/ 18:15
Ötən il daşınmaz əmlakın ilkin qeydiyyatı 81% artıb -
22/02/2012/ 18:09
55 yaşın hesabatı

