Paritet.az :: İctimai-siyasi qəzet: Ölkəmiz Rusiyaya qaz nəqlini bir neçə dəfə artıra bilər Ölkəmiz Rusiyaya qaz nəqlini bir neçə dəfə artıra bilər ================================================================================ Agasef Memmedov on 03/09/2010/ 19:36 Xəbər verildiyi kimi sentyabrın 2-də ölkəmizə rəsmi səfərə gələn Rusiya prezidenti Dmitri Medvedev ilk öncə Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. D. Medvedev görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üstünə tər güllər düzüb. Sonra Rusiya prezidenti və nümayəndə heyətinin üzvləri Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət ediblər. Rusiyanın dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Daha sonra “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilib. (AzərTac). Dövlət başçıları ziyafətdə nitq söyləyiblər. Azərbaycan prezidenti İlham Əliyev Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini bildirərək, hər səfərin iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açdığını bildirib. Dövlətimizin başçısı ölkələrimizin qədim tarixə, xalqlarımızın isə ortaq dəyərlərə malik olduğunu bildirərək qeyd edib ki, Azərbaycan ilə Rusiya siyasi, iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq qurub və bu səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərimizin gələcək inkişafında mühüm rol oynayacaq. 2009-cu ildə dünya iqtisadi böhranının ağır nəticələrinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığını və mühüm nəticələrin əldə olunduğunu deyən prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolundan danışıb. Dövlətimizin başçısı ölkələrimizin humanitar sahədə səmərəli əməkdaşlıq qurduğunu, bütün bunların isə münasibətlərimizdə vacib amillər olduğunu deyib. Medvedev Azərbaycanı Rusiyanın strateji tərəfdaşı adlandıraraq bildirib ki, səfər zamanı imzalanacaq sənədlər dostluq münasibətlərini daha da möhkəmləndirəcək, eyni zamanda, ikitərəfli normativ hüquqi bazanın güclənməsinə xidmət edəcək. Ölkələrimizin iqtisadi sahədə güclü əməkdaşlıq qurduğunu deyən Medvedev müasir dünyada təhlükəsizlik məsələsinin mühüm amil olduğunu vurğulayıbvə bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rolunu davam etdirəcək. O, ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən diqqətdən məmnun olduğunu, eyni münasibətin Rusiyada yaşayan böyük Azərbaycan diasporuna da göstərildiyini vurğulayıb. Rusiya dövlətinin başçısı çıxışının sonunda dəvətə və yüksək qonaqpərvərliyə görə Azərbaycan prezidentinə təşəkkürlərini çatdırıb. Dünənsə prezidentlərinin təkbətək görüşü olub. APA “RİA Novosti”yə istinadən xəbər verir ki, danışıqları açıq elan edən İlham Əliyev gündəliyin kifayət qədər zəngin olduğunu söyləyib: “Sizin Azərbaycana səfəriniz əlaqələrimizin daha da inkişafı baxımdan çox mühümdür, xüsusilə o halda ki, bizim müzakirə edəcək mövzularımız var”. Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin səmimi, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə edərək. Səfər çərçivəsində çox gözəl nəticələrin əldə olunduğuna, imzalanacaq sənədlərin isə ikitərəfli münasibətlər üçün sağlam baza yaradacağına əmin olduğunu bildirib: “Bu münasibətlər təkcə bizim ölkələr üçün deyil, regionlar üçün də çox vacibdir. Moskva ilə münasibətlərin daim inkişafı Bakı üçün çox mühüm və dəyərlidir. Bu, strateji tərəfdaşlıq münasibətləridir”. Medvedev Azərbaycan Prezidentinin bu dəyərləndirməsi ilə razılaşıb. O, bildirib ki, Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığı gücləndirməli və bu münasibətləri yeni səviyyəyə necə çıxarmaq barədə düşünməlidir. O ötən il iki ölkə arasında ticarət dövriyyəsinin aşağı düşdüyünü vurğulayıb: “Bu il isə müsbət tendensiya var və bu tendensiyanı necə möhkəmləndirmək barədə düşünmək, yeni layihələr, yeni ideyalar tapmaq lazımdır”. Qeyd edək ki, prezidentlərin təkbətək görüşündən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Rusiya prezidenti bildirib ki, təkbətək görüş zamanı iki dövlətin başçısı bəzi ideyalar və layihələr barədə danışıblar və bu layihələri nümayəndə heyətlərinin iştirakı ilə müzakirə etməyi təklif ediblər. Medvedev azərbaycanlı həmkarı ilə təkbətək görüşdə geniş spektrdə məsələləri, iqtisadi münasibətlər və regional təhlükəsizliyin təminatı məsələlərinə toxunduqlarını deyib. Rusiya prezidenti v bildirib ki, Azərbaycan və Rusiya prezidentləri enerji sahəsində ikitərəfli əməkdaşlığa həsr olunmuş sammit keçirilməsi haqqında razılığa gəlib. Onun sözlərinə görə, sammitdə qaz, neft və elektroenergetika sahəsində əməkdaşlıq məsələlərinə toxunula bilər. Öz növbəsində İlham Əliyev qeyd edib ki, rəsmi Bakı Azərbaycandan Rusiyaya nəql olunan təbii resursların həcminin artırılacağına ümid edir: “Azərbaycan energetika sahəsində Rusiya ilə əməkdaşlığın uzunmüddətli, strateji və qarşılıqlı maraqlara cavab verən olduğunu düşünür”. Dağlıq Qarabağ münaqişəsinə toxunan Medvedev Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təmas intensivliyini aşağı salmamağa çağırıb. O, son dövrlər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi xarakter aldığını vurğulayıb: “Bu təmasların intensivliyi aşağı düşməməlidir. Rusiya Minsk Qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Biz həmçinin qonşu dövlət kimi mənəvi öhdəliklərimizi də yerinə yetirməyə hazırıq. Mən bu cür əlaqələri davam etdirməyə və gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram”. İlham Əliyev vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edib: “Əminəm ki, Rusiya prezidentinin iştirakı pozitiv rol oynayır və onun iştirakı ilə keçirilən daha effektli olur”. Medvedea Rusiyanın Gümrüdəki hərbi bazasının və bu bazanın dislokasiya müddətinin uzadılmasının Azərbaycan üçün heç bir təhlükəsi olmadığını da söyləyib. O, Qafqazda stabilliyin qorunmasının Rusiya üçün böyük əhəmiyyət kəsb etdiyini deyib: “Biz burada sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıyıq. Mənim Ermənistana səfərinin nəticələrini də belə dəyərləndirmək lazımdır. Burada heç bir gizli və ya digər niyyət mövcud deyil”. Xatırladaq ki, Rusiya prezidentinin bir müddət əvvəl Ermənistana gerçəkləşən səfəri zamanı Gümrüdəki Rusiya hərbi bazasının dislokasiya müddətinin 49 il artırılmasına dair müqavilə imzalanıb. Medvedev ötən ay Rusiyanı bürümüş meşə yanğınlarının söndürülməsində Azərbaycanın göstərdiyi köməyə görə İlham Əliyevə təşəkkür etməyi də unutmayıb. Medvedev azərbaycanlı həmkarlarının ağır gündə Rusiyaya kömək əli uzatdığını xatırladıb: “Bu çox vacibdir. Bədbəxtlik gözlənilmədən gəlir və nəticələr də uzunmüddətli xarakter daşıyır. Bir daha göstərdiyiniz köməyə görə Sizə təşəkkürümü bildirirəm”. Səfər çərçivəsində prezidentlər dövlət sərhədi haqqında müqavilə imzalayıblar. Müqaviləni tamamlayan, dövlət sərhədinin təsvir olunduğu əlavə də imzalanıb. Prezidentlərin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair daha əvvəl bağlanmış müqaviləyə əlavə olunan saziş də imzalanıb. Sazişə əsasən 2010-2011-ci illərdə “Qazprom”a satılan təbii qazın həcmi artırılacaq. Tərəflər Samur transsərhəd çayının rasional istifadəsi və mühafizəsi haqqında saziş də imzalayıblar. Azərbaycan və Rusiya prezidentləri arasında aparılan danışıqların yekunlarını şərh edən “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller jurnalistlərə bildirib ki, Azərbaycan gələn ildən etibarən Rusiyaya qaz nəqlini bir neçə dəfə artıra bilər. Onun sözlərinə görə, Azərbaycan gələcəkdə də qaz nəqlini artırmaq niyyətindədir: “İmzalanan unikal müqavilə qaz alışının yüksək həddini müəyyənləşdirmir. Baza razılaçması 500 mln. kubmetr qaz alınmasını nəzərdə tutur. Azərbaycan bunu 1 mlrd. kubmetrə çatdırmağı xahiş edib. bu gün (dünən) imzalanan sənəd isə daha 2 dəfə artırılmanı nəzərdə tutur - 2011-ci ildə 2 mlrd. kubmetrə qədər, 2012-ci ildə isə 2 mlrd. kubmetrdən çox”. Nəzərə çatdıraq ki, görüş zamanı İlham Əliyev Rusiya ilə sərhəddə Azərbaycan gömrükçüləri tərəfindən qaçaqmalçılardan müsadirə olunmuş 5 pravoslav ikonasını rusiyalı həmkarına təqdim edib. O, qaçaqmalçıların bu ikonaları qeyri-qanuni olaraq Rusiyadan çıxarmağa çalışdıqlarını deyib. Bizin ölkənizdə saxlanılmalıdır”. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ikonaların XIX əsrin əvvəllərinə aid olduğunu bildirib. İkonalara yekun qiyməti Bakıya gələcək rusiyalı mütəxəssislər verəcək. Onu da qeyd edək ki, Rusiya prezidenti ölkəmizə səfəri çərçivəsində dünən Bakı Dövlət Universitetində də olub. Ona universitetin fəxri doktoru diplomu təqdim edilib. Rektor Abel Məhərrəmov bildirib ki, Medvedev Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi və təhsil əlaqələrinin inkişafındakı xidmətlərinə görə BDU Elmi Şurası tərəfindən bu ada layiq görülüb. B.CAHANDAROV