Baş səhifə | DİASPOR | Sabır etme, birader, mücadile et

Sabır etme, birader, mücadile et

Şrift ölçüsü: Decrease font Enlarge font
image

“Qondarma “erməni soyqırımı” haqqında qanuna etiraz məsələsində azəri diasporu türk diasporundan daha fəaldır”

 Azərbaycan və Türkiyə dövləti bütün sahələrdə birlik nümayiş etdirdiyi kimi, diaspor fəaliyyətində də müştərək mübarizə aparır. Prezident İlham Əliyevin “bir millətin iki diasporu olmaz” deyimi ilə yanaşsaq, xarici ölkələrdə fəaliyyət göstərən hər iki dövlətin diaspor təşkilatları da bir diaspor olaraq çalışırlar. Diaspor fəaliyyətlərimizin yaxınlaşma prinsipi bir millət anlayışı ilə yanaşı, bugünkü dünya reallıqlarının tələb etdiyi səbəblərlə də bağlıdır. Belə ki, dünyanın ermənilərin Azərbaycana qarşı təcavüzünü və torpaqlarımızın işğal edilməsi faktını tam olaraq tanınmaması, o cümlədən, ermənilərin Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası irəli sürməsi hər iki dövlətin ortaq dəyərlər prinsipindən çıxış etməsiylə nəticələnir ki, bu da düzgün siyasətdir, o cümlədən hər iki diasporu da bu prinsipə yaxınlaşdırır.

 

Dövlət başçısı İlham Əliyevin ölkəmizdə keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda səsləndirdiyi “Bizə - Türkiyəyə, Azərbaycana qarşı çox mütəşəkkil, böyük maliyyə imkanlarına malik olan dünya erməni diasporu, erməni lobbisi işləyir. Bəlkə də, yeganə ölkələrik ki, bizim əleyhimizə dünyanın istənilən yerində güclü təbliğat maşını, yenə də deyirəm, böhtan, yalan və tarixi təhrif edərək, bizi ləkələmək istəyən qüvvə işləyir. Bir tərəfdən bu problem, digər tərəfdən, Azərbaycanın işğal olunmuş torpaqları. Türkiyəyə qarşı əsassız ittihamlar, qondarma “soyqırımı”nın tanıdılması cəhdləri - bütün bunlar bizim xalqlarımıza qarşı yönəldilən əməllərdir. Xocalı soyqırımını törədən vəhşilər bizi soyqırımında ittiham edirlər və bəzi hallarda onların yalan təbliğatı uğurlar gətirir. Bir çox hallarda xarici ölkələrin onlar tərəfindən pulla, rüşvətlə ələ alınmış riyakar siyasətçiləri onların səsinə səs verirlər. Bu, ədalətsizliyin zirvəsidir. Bu, mənəviyyatsızlığın zirvəsidir. Biz buna qarşı mübarizə aparmalıyıq, aparmalıyıq və aparmalıyıq!” fikirləri bir daha Azərbaycanın dövlət, ictimaiyyət və diaspor olaraq Türkiyə ilə bağlı problemlərə necə həssasiyyətlə yanaşdığının göstəricisidir.

 

 “Diasporumuz Türkiyənin milli maraqlarını qoruyur”

Yanvarın 23-də qondarma “erməni soyqırımı”nın inkarı ilə bağlı  Fransada qəbul edilən cəza qanununa qarşı etiraz fəaliyyətində də hər iki diaspor müştərək çıxış edir. Hələ bu qanunun gündəmə gəlməsi ilə başlanan etirazlarda Azərbaycan diasporu buna qarşı aparılan dövlət siyasətinə uyğun olaraq, xüsusi fəallıq nümayiş etdirir.

Diasporumuzun etiraz səsləri isə dünyanın dörd bir yanından eşidildi. Belə ki, ötən ilin dekabr ayında adıçəkilən qanun hələ Fransa parlamentində qəbul ediləndə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Fransa parlamentinin rəhbərinə müraciət ünvanlayaraq  qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsindən narahatlığını ifadə edərək bunun Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərəcəyini bəyan ediblər. Qanunun qəbulu ətrafında müzakirələr getdiyi andan etibarən Azərbaycanın diaspor təşkilatlarının etirazları səngimək bilmir.    Beynəlxalq Diaspor Mərkəzi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvləri Fransanın ölkəmizdəki səfirliyinin qarşısında aksiya keçirirərək “Fransa parlamenti, ədalətli ol!”, “İnsan haqlarına hörmətlə yanaş!”, “Saxta “erməni soyqırımı”nı tanımaqdan əl çək, Fransa!”, “Yaşasın Türkiyə!”, “Dayan, Fransa!” kimi şüarlar səsləndirdilər.

Daha sonra Fransanın Ukraynadakı səfirliyinin binası qarşısında azərbaycanlı icmasının nümayəndələri-Ukraynada fəaliyyət göstərən “Plyus Demokratiya” Beynəlxalq İctimai Təşkilatı aksiya keçirib. Aksiya zamanı “Tarixi saxtakarlığa son qoyulsun!”, “İkili standartlara son qoyulsun!”, “Demokratiyanın əsas prinsiplərini pozmağa imkan vermərik”, “Paris digər ölkələrə hansı nümunələri göstərir?” kimi şüarlar səsləndirilib. İctimai Təşkilatın rəhbəri Hikmət Cavadov bildirib ki, Fransa hökumətinin hazırkı təşəbbüsü bu ölkədə yaşayan digər millətlərin uzunmüddətli mübarizəsinə səbəb olacaq”. Nümayişin sonunda səfirdən Fransa prezidentindən insan hüquqlarını pozan qanun layihəsinin qəbul edilməsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edən müraciət qəbul olunub.

  Bununla yanaşı, Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov Fransa Prezidenti Nikola Sarkoziyə ölkə parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi biabırçı qanunu pisləyən məktub göndərib. Məktubda qeyd olunur ki, Qazaxıstanda 200 min azərbaycanlını təmsil edən mərkəz Milli Yığıncağının qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə adamların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan biabırçı qanununu qətiyyətlə pisləyir. Məktubda qeyd olunur ki, bu gün dünya ermənilərinin Azərbaycan əleyhinə apardığı təcavüzə nədənsə Fransa parlamenti da göz yumur və təəssüf edirik ki, XXI əsrdə  müdriklik və ədalət nümayiş etdirə bilmədi(AzərTAc)

 Küveytdə fəaliyyət göstərən “VətənSevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti də Fransa parlamentinin qondarma “erməni soyqırımı” iddialarının inkarına görə cinayət məsuliyyəti müəyyən edən qərarına etirazını bildirib. Cəmiyyətin sədri Könül Hacızadə “Paritet”ə müsahibəsində təşkilat üzvlərinin, Türkiyə türkləri və Küveyt vətəndaşlarının imzası ilə Fransa parlamentinin qərarına qarşı yazılı bir imza toplayaraq etirazlarını bəyan etdiklərini deyib . 

 

“Diasporumuz Türkiyənin də milli maraqlarını daim qoruyur”

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə diasporumuzun Azərbaycanın milli maraqları ilə yanaşı, Türkiyənin də milli maraqlarını daim qoruduğunu bildirib və bunun Azərbaycan xalqı və diasporu üçün bir könül işi olduğunu vurğulayıb. Komitə sədri dövlət başçısının “bir millətin iki diasporu olmaz” kəlamlarını rəhbər tutaraq bildirib ki, Azərbaycan və türk diasporları vahid diaspor kimi çıxış edərlərsə, onların nüfuzu və təsir imkanları artar, xalqlarımız və dövlətlərimizin maraqlarını daha uğurla qorumuş olarlar. Türkiyə parlamentinin nümayəndə heyəti də Azərbaycan diasporunun etiraz kampaniyasını yüksək qiymətləndiriblər.

Fransanın erməni “sevgisi”nə qarşı Azərbaycan diasporunun etiraz dalğası, demək olar ki, bütün dünyanı bürüdü. Amma nədənsə burada türk diasporunun fəaliyyəti elə də gözə çarpmır, daha doğrusu, etirazlar çox zəif oldu. Eyni zamanda, türk diasporunun etiraz aksiyalarında da azərbaycanlı soydaşlarımız üstünlük təşkil edirlər. Buradan haqlı sual doğur ki, daha çox Türkiyəyə bağlı məsələdə niyə məhz Azərbaycan diasporu? Çünki hər bir azərbaycanlı Azərbaycanla yanaşı, Türkiyəni və bu milləti sevir, onun ağrısını öz ağrısı, onun problemini öz problemi hesab edir. Hətta türklərin milyonlarla yaşadığı Almaniyada belə azəri diasporunun etiraz səsi daha çox eşidilirdi. Burada xatırlatmaq yerinə düşər ki, Almaniyananın Hamburq şəhərində fəaliyyət göstərən “Almaniya- Azərbaycan Mədəniyyət Cəmiyyəti-Hamburq” təşkilatının rəhbəri Elmar Səttarov bir müddət öncə “Paritet”ə verdiyi müsahibəsində  Almaniyada yaşayan türklərin çoxunun  hələ də əsas məqsədləri Türkiyə olduğunu, Azərbaycanla bağlı məsələlərə yad münasibət göstərdiyini bildirmişdi. Onun sözlərinə görə, türklərdən fərqli olaraq azərbaycanlılar ortaq Azərbaycanla yanaşı, Türkiyəni də təbliğ edirlər: “Neçə ildir ki, Hamburqda fəaliyyət göstərən türk təşkilatlarının içinə daxil olaraq, Azərbaycanla bağlı məlumatları yaymağa çalışıram. Çünki onların çoxu Almaniyada doğulan türklərdir və Avropa şüurundadır. Almaniyadakı gənc türklərin düşündükləri heç Türkiyənin özü də deyil. Onlar çalışırlar ki, Türkiyənin özünü modernləşdirsinlər və bəzi şeylərlə barışsınlar. Bir çox türk gənc təşilatları deyirlər ki, erməni soyqırımı olmasa da, gərək bununla barışaq. Bunun qarşısını türklər deyil, biz azərbaycanlılar alırıq”.

 

Azərbaycan üzərinə düşənləri

artıqlaması ilə edir

Təbii ki, azərbaycanlı diasporunun bu fəaliyyəti təmənnasız olaraq, qardaş sevgisindən irəli gəlir. Biz doğma vətənimiz olan Azərbaycan kimi Türkiyəni də sevirik və onların problemini öz problemimiz bilirik. “Erməni soyqırımı” ilə bağlı baş verənlərdə Azərbaycan dövlətinin, ictimaiyyətinin və diasporunun mövqeyi, həyata keçirdiyi işlər bunu bir daha sübut etdi. Lakin bütün bunlara, o cümlədən, türk diasporundan daha çox Azərbaycan diasporunun etirazlarına rəğmən, türk mediası xoşagəlməz məlumatlar yayır, iddia edilir ki, Azərbaycan Fransaya qarşı lazımınca etiraz bildirməyib. Belə məlumatlar Türkiyə dövlətinin rəsmi mövqeyi olmasa da, görülən işə kölgə saldığından qabuledilməzdir. Türkiyə mətbuatı, rəsmilərimizin , ictimaiyyətimizin və diasporumuzun bu fəaliyyəti qarşılığında Azərbaycanı “susqunluqda” günahlandırmaqdansa, yanvarın 19-da Türkiyədə erməni əsilli jurnalist Hrant Dinkə həsr olunan “Hepimiz Hrantız! Hepimiz erməniyiz” deyə aksiya keçirənləri qınamaqları daha doğru olardı. Çünki Fransada “erməni soyqırımı”nı inkar edənlərə cəza tətbiq edən qanunun qəbul edilməsində də “Hepimiz erməniyiz” deyənlərin rolu böyükdür.

Bu günlərdə Azərbaycanda səfərdə olan Türkiyə parlamentinin  azəriəsilli üzvü Sinan Oğan ümumilikdə Azərbaycanın Fransaya etirazlarına toxunaraq bildirib ki, Azərbaycan Fransa parlamentində uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi əleyhinə üzərinə düşənləri artıqlaması ilə edib. S.Oğan qeyd edib ki, Türkiyə parlamentinin Fransanın addımı ilə bağlı bəyanatı olmadığı halda, Azərbaycan Milli Məclisi bununla əlaqədar rəsmi müraciət qəbul edib: “Bütün bunları mətbuatın bilməsi və yazması vacibdir. Azərbaycanın Fransa parlamentində uydurma “erməni soyqırımı”nı tanımayanların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi əleyhinə nələr etdiyini Türkiyədə bir daha danışacağıq”. O, Azərbaycanın üzərinə düşənləri artıqlaması ilə etdiyini, Azərbaycana da təşşəkür etməyə gəldiklərini deyib.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da “TRT Avaz”a müsahibəsində bildirib ki, Azərbaycandan başqa heç bir ölkə bu məsələdə Türkiyənin yanında olmayıb: “Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da hər zaman Türkiyənin yanında olub. Müstəqillik qazandığımız vaxtdan münasibətlərimiz bu şəkildə davam edir”.

Səfir dekabrın 30-da Fransa Senatına yazdığı məktubu və şeyxülislam Allahşükür Paşazadənin Fransa Senatına müraciətini də xatırladıb: “Biz Türkiyədəki dostlarımızla bütün bu məsələləri məşvərət şəklində həll etməyə çalışırıq. Bunu davam etdirməliyik. Elə etməliyik ki, son nəticə təsirli, düşünülmüş olsun, Azərbaycana və Türkiyəyə lazımlı səviyyədə olsun”.

 

“Bu məsələdə

azərbaycanlılar türk

diasporundan daha fəaldır”

Bu məsələdə əvvəldən etiraz aksiyaları ilə çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Paritet”ə açıqlamasında bildirib ki, Azərbaycan dövləti, cəmiyyəti, o cümlədən diasporu Fransaya bu qanun müzakirə edilən vaxtdan etiraz edir: “Azərbaycan diasporu türk diasporu ilə birgə, uzun müddətdir bu istiqamətdə mübarizə aparır. Fransanın özündə, Almaniyada və dünyanın bir sıra ölkələrində etiraz səslərimizi ucaldırıq. Azərbaycan diasporu bu istiqamətdə mübarizə aparmağı qarşısına məqsəd qoyub. Bu həm də Azərbaycanın məsələsidir. Çünki ermənilərin tərəfində olan Fransa ATƏT-in Minsk qrupunda fəaliyyət göstərməməlidir. Belə olduğu təqdirdə, onlardan heç vaxt ədalət gözləməyə dəyməz. BDM olaraq da bu məsələdə daim Türkiyənin yanında olub, dəstək vermişik. Azərbaycan, Sankt-Peterburq və Çexiyada keçirdiyimiz tədbirlər azəri və türk diaspor təşkilatlarına dəstəkdir”. İ.Ağayev qeyd edib ki, qondarma “erməni soyqırımı” haqqında qanuna etiraz məsələsində Azərbaycan diasporu türk diasporundan daha fəaldır: “Fransada yaşayan azərbaycanlıların sayı orda yaşayan türklərin sayından çox-çox azdır. Fransada 500 min türk yaşayırsa, azərbaycanlıların sayı yüzlərlədir. Lakin həyata keçirilən tədbirlər, etiraz aksiyaları onu göstərir ki, bu məsələdə Türk diasporunda daha çox iş görürük. Biz heç vaxt türkləri özümüzdən ayırmırıq”. BDM sədrinin sözlərinə görə, Azərbaycan dövlətini və diasporunu zəiflikdə günahlandıranlar təxribatçılardır. “Onlar Hrant Dink məsələsini gündəmə gətirdikləri halda 20 Yanvarla bağlı bir cümlə də məlumat verməyiblər. Buna görə biz Türkiyə dövlətini qınamırıq, çünki onların mövqeyi bəllidir. Fransaya qarşı isə, Azərbaycanın mövqeyi açıq şəkildə oldu. O cümlədən, ictimaiyyət və diasporumuz da buna qarşı etirazlarını bildirməıkdə davam edirlər. BDM və yerli QHT-lər də Fransa səfirliyinin önündə dayanmadan aksiyalar keçirir. İstər dövlət, istərsə diaspor səviyyəsində Azərbaycan sona qədər bu məsələdə Türkiyənin yanında olacaq. Bu sadəcə gözügötürməzlikdir”-deyə İ.Ağayev bildirib. 

 

Qanun müzakirə olunarkən azərbaycanlılar Senatın

qarşısında aksiya keçiriblər

 

 Göründüyü kimi, Fransaya qarşı etirazlar Azərbaycanda həm dövlət, həm diaspor, həm media, həm də QHT-lər səviyyəsində edilir. Yanvarın 23-də Fransa Senatında sözügedən qanunun müzakirəsi zamanı Senat binasının qarşısında keçirilən aksiyada da Azərbaycan gəncləri fəallığı ilə seçiliblər. Belə ki, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun Avropa ölkələrində olan nümayəndəlikləri Fransada və yaxın ölkələrdə yaşayan və təhsil alan gənclərin həmin gün aksiyada fəal iştirakını yüksək səviyyədə təşkil edib. ASAİF nümayəndələri Fransanın yerli telekanalları ilə bərabər, bir neçə Türkiyə telekanallarına da müsahibə verərək Azərbaycan gəncliyi adından qanunun qəbuluna öz etirazlarını bildiriblər. Aksiyada bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, ASAİF olaraq, Azərbaycandan kənarda dünyanın ən nüfuzlu ölkələrində təhsil alan və məzun olmuş minlərlə gəncin ən geniş şəbəkəsi adından Fransanın erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qəbul etdiyi qanunu qəti şəkildə pisləyir və bu addımın Fransa-Türkiyə, həmçinin Fransa-Azərbaycan münasibətlərinə son dərəcə mənfi təsir göstərəcəyini bəyan edir: “Dünyaya söz azadlığı, insan hüquqları, hüququn aliliyi, məsələlərə elmi və konseptual yanaşma kimi mühüm aspektləri təbliğ edən Avropa İttifaqının Fransanın bu ittifaqa üzvlüyü məsələsinə yenidən baxılmasını tələb edirik. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın qeyri-konstruktiv addımlarının səbəbləri, artıq açıq şəkildə bizə məlum olduğuna görə, adı çəkilən dövlətin bu qrupa üzvlüyü müzakirəsiz ləğv olunmalıdır. Yüksək təhsilli və Vətəni sevən gənclər olaraq bəyan edirik ki, Fransa istehsalı olan hər cür əmtəə və müxtəlif malların alınmasını, ciddi zərurət olmadan bu ölkəyə turist ziyarətlərini bu qanun ləğv olunana qədər dayandırırıq”.

 

“Biz bütün formalarda

mübarizəmizi aparacağıq”

 

Azərbaycanda fəaliyyət göstərən və əsasən diaspor istiqamətində çalışan bir qrup QHT də Fransanın bu qərarı ilə bağlı etiraz bəyanatı yayıblar. Belə ki, bəyanatda deyilir: “Azərbaycanda fəaliyyət göstərən QHT-lər Fransa Senatında qəbul edilən qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanunu qəbul etməsini demokratik dəyərlərə hörmətsizlik, insanların ifadə azadlığının boğulması, tarixi hadisələrin siyasiləşdirilməsi və Fransada yaşayan erməni lobbisinin təsiri ilə türk xalqlarına qarşı kin və nifrətin aşılanması kimi qəbul edərək, bu bədnam “qanun”u hiddətlə qınayır və buna qarşı olduğumuzu qeyd edirik. Hesab edirik ki, özünü  dünya birliynin demokratik bir üzvü hesab edən bir dövlət, başqa dövlətlərin tarixi ilə bağlı hadisələrə bu cür səthi, ehtimallar və kimlərinsə təsiri altına düşərək, birtərəfli “rəy”lər əsasında yanaşmamalıdır”. Bəyanatda o da qeyd edilir ki, Türkiyə ilə bağlı bu qərar Azərbaycan-Fransa münasibətlərinə birbaşa zərər verəcək.

“Sözügedən “qanun”un Fransa Senatında qəbul olunması, artıq bizdə belə bir fikrə əminlik yaradır ki, Fransa Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk Qrupundakı fəaliyyəti dönəmində ermənipərəst mövqe tutaraq bitərəf və səmimi olmayıb, münaqişəsnin həll olunmasında və Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından geri çəkilməsi üçün gərəkən addımları atmayıb. Belə olan halda münaqişənin həll olunmasında Fransanın vasitəçiliyi davam etdirməsi şübhə altına alınır və konfliktin həllində Fransanın vasitəçiliyinə heç bir mənəvi haqqı qalmır, heç bir beynəlxalq hüquq normaları ilə də qəbul edilə bilməz”. Həmçinin, Fransa prezidenti və Fransa Konstitusiya Məhkəməsi bu qanunun ləğv olunması istiqamətində addımlar atmağa çağrılır.

  Bəyanatı imzalayan QHT-lərdən olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, bütün Azərbaycan ictimaiyyəti, diasporu, QHT-lər buna qarşı əvvəldən müxtəlif formalarda öz etirazlarını bildiriblər: “Ermənilərin bu siyasəti davam edəcək. Onlar 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyini keçirtməyi düşünürlər. Ona görə də, bir sıra Avropa dövlətlərində belə qərarları qəbul etdirməyə çalşacaqlar. Belə olduqda Türkiyəyə qarşı imtiyazlar qaldırılacaq və ən yaxın müttəfiqimizi zəiflətməyə çalışacaqlar. Bu həm də türk birliyinin reallaşmasına da xələl gətirəcək”.

ATXƏM sədri onu da qeyd edib ki, buna qarşı Azərbaycan ictimaiyyətinin, diasporunun etiraz tədbirləri getdikcə intensiv xarakter alacaq.   

Asif NƏRİMANLI

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az