“Bu il Praqada diasporamızın media mərkəzini və radiomuzu yaratmaq istəyirik”
Elşən Nəzərov: “Çexləri daha çox Azərbaycan mədəniyyəti, kulinariyası, təbiəti maraqlandırır”
Bu gün xarici ölkələrdə mövcud olan bir sıra diaspor təşkilatlarımızın rəhbərlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai, siyasi həyatında fəallığı və müəyyən sahələrdə təmsil olunmağı sevindirici haldır. Çünki onların əhatə dairəsi daha da genişlənir, Azərbaycanla bağlı olaraq keçirdikləri tədbirlərə çoxlu sayda həmin ölkələrin rəsmilərini və siravi vətəndaşlarını dəvət etmək imkanı əldə edirlər. Bu da ölkəmizin geniş əcnəbi auditoriyasına tanıdılmasına çox böyük dəstək olur. Bu cür ictimai fəallığı ilə seçilən təşkilatlardan biri də Azər -Çex Cəmiyyətidir (AÇC) . AÇC sədri Elşən Nəzərov söhbətində ilk olaraq təşkilatın yaranma tarixindən danışdı və bildirdi ki, AÇC 28 may 2003-cü il tarixində Çexiyanın paytaxtı Praqa şəhərində yaradılıb:
-Qeyd edim ki, bizim təşkilat yaranana qədər Çexiyada fəaliyyət göstərən rəsmi və ya qeyri -rəsmi diaspora təşkilatı olmadığı üçün Azər-Çex Cəmiyyətinin yaranma zərurəti ortaya çıxdı. Bu təşkilatın yaranmasının təşəbbüskarı mən oldum. Təşkilata 2003-cü ildən bu günə qədər sədrlik edirəm. Bu gündə fəaliyyətimizi davam etdiririk. Əsas məqsədimiz Azərbaycanla Çexiya arasında əlaqələri daha da yaxınlaşdırmaq, eyni zamanda burda ölkəmizin mətbəxini, mədəniyyətini, tarixini, ədəbiyyatını çexlərə təqdim etməkdir.
Hazırda Praqada “Azərbaycan evi” mövcuddur
-İndi təşkilatımızın binası yoxdur, ancaq ofisi var. Onu da vurğulayım ki, bu ofis Praqada ilk və yeganə “Azərbaycan evi “kimi fəaliyyət göstərir. Təşkilatımız bu dörd otaqdan ibarət olan məkanı kirayə tutub, artıq 4 ilə yaxındır, çətin də olsa fəaliyyətimizi burda davam etdirməyə çalışırıq. Çexiyada yaşayan azərbaycanlılarla çox sıx əlaqələrimiz var. Ən azından ayda bir dəfə “Azərbaycan evi”ndə toplaşırıq. Eyni zamanda milli bayramlarımızı, tariximizin yaddaşına yazılmış faciələrimizidə qeyd edən zaman əcnəbilərlə yanaşı, orda yaşayan soydaşlarımızı da dəvət edirik.
“Azərbaycan turizm obyekti kimi də çexlərin marağındadır”
Çexiyada ümumilikdə 500 nəfərə yaxın azərbaycanlının yaşadığını deyən cəmiyyət sədri bildirdi ki, həmvətənlərimizlə sıx əməkdaşlıq edirlər və onların hər hansı bir problemi olarsa dəstək göstərirlər:
-Çalışırıq ki, çexlərlə azərbaycanlılar arasında yaxşı bir şəbəkə quraq. Çexlərdə də ümumilikdə Azərbaycan sevgi var. Onları daha çox Azərbaycan mədəniyyəti, kulinariyası, təbiəti maraqlandırır. Ancaq onu da qeyd edim ki, çex biznesmenlərini və siyasətçilərini Azərbaycanla bağlı digər dəyərlər maraqlandırır. Eyni zamanda gözəl və rəngarəng təbiətə malik olan Azərbaycana Çexiyada turizm obyekti kimi də maraq çox böyükdür. Ancaq bu maraqda çexlər arasında kütləvi xarakter daşımır. Ona görə ki, ölkəmizdə turizm sektoru üçün yetərincə infrastruktur yoxdur və qiymətlər bahadır. Yəni hotel və qida xərcləri Çexiyadakından çoxdur. Ancaq inanıram ki, 2011-ci il ölkə Prezidentinin “Turizm ili” elan etməsi Azərbaycanda bu sahədə inkişafa səbəb olacaq. Həmçinin Çexiya və Azərbaycan arasında da turizm sektoru üzrə əlaqələrin inkişafına səbəb olacaq.
AÇC-nin nəzdində Azərbaycan dili kuslarının tədris olunmadığını deyən həmsöhbətim qeyd etdi ki, buna səbəb maddi vəsaitlərinin olmamasıdır:
- Çexiyada yaşayan azərbaycanlıların qarşılaşdığı problemlərə gəlincə isə qeyd edim ki, hazırda çex dilini heç və ya yaxşı bilməmələri , qanunlara yaxından bələd olmamaları və çex mətbəxinə alışmamaq kimi problemlər mövcuddur. Amma qeyd edim ki, hazırda Çexiyada təhsil alan tələbələrimizi diaspora fəaliyyətinə cəlb etməyə çalışırıq. Çünki bu gün bir sıra xarici ölkələrdə intellektli, savadlı və potensiallı gənclərimiz var. Bu cür gənclərimizin diaspor işinə cəlb edilməsi çox vacibdir. Buna görə də Çexiya Tələbə və Gənclər Təşkilatı yaratdıq. Bu təşkilatında öz iş prinsipi var. Çalışmışıq ki, bu tələbə təşkilatının ətrafında ordakı gənclərimizi toplayaq və ictimai fəaliyyətə cəlb edək.
Azərbaycan və Çexiya arasında əlaqələrdən danışan E. Nəzərov söylədi ki, iki ölkə arasında əlaqələr daha çox turizm sahəsində inkişaf edib:” Bundan başqa Azərbaycan və Çexiya arasında təhsil və iqtisadi əlaqələrdə inkişaf edib.
Ümumilikdə götürdükdə bir çox sahələr üzrə əlaqələr mövcuddur. Əminəm ki, gələcəkdə iki ölkə arasında əlaqələrin daha da sıx olması üçün bizdə bir sıra layihələr icra edəcəyik. Bu gün ümumilikdə Çexiyada Azərbaycan diaspor mediasının olmadığını deyən E. Nəzərov qeyd etdi ki, AÇC-nin sadəcə bu funksiyanı yerinə yetirən saytı var: “Yəni cəmiyyətimizin nəşri orqanı olmasa da ancaq artıq yeddi ildir ki, fəaliyyət göstərən saytı (www.diaspora.cz) var. Saytımızda keçirdiyimiz tədbirlər, AÇC-i, Azərbaycan və Çexiya haqqında və başqa bir sıra məsələlərlə bağlə ətraflı məlumatlar yerləşdirilib”.
AÇC-də türk uşaqları üçün “Bazar günü” məktəbi fəaliyyət
göstərir
-Bundan başqa qeyd edim ki, bu gün AÇC Çexiyada fəaliyyət göstərən xarici diaspora təşkilatlarının siyahısında ön cərgədə dayanır , eyni zamanda qeyri-hökumət təşkilatları sırasında da qabaqcıl təşkilatlardan biri sayılır. Bizim təşkilatın əlaqələri və əhatə dairəsi də genişdir. Belə ki, Çexiyada fəaliyyət göstərən türklərlə və digər diaspor təşkilatlarımız ilə əlaqələrimiz var. Bir-birimizlə sıx əməkdaşlığımız qurulub və qarşılıqlı olaraq tədbirlərimizdə iştirak edirik. Onu da qeyd edim ki, hətta Çexiyada türk diasporunun yaranmasında da Azər-Çex Cəmiyyəti yaxından köməklik göstərib. Həmçinin bizim cəmiyyətin ofisində türk uşaqları üçün “Bazar günü” məktəbi fəaliyyət göstərir.
Bu gün dünyada fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəaliyyətindən və təşkilatlanmasından razı qaldığını bildirən E. Nəzərov söylədi ki, sadəcə təşkilatlarımızın fəaliyyətlərinin daha da konstruktiv və effektli olmasını istərdi:
- Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə və əmakdaşlığımız yaxşı səviyyədədir. Bu il Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayından bir sıra gözləntilərim var. Qarşıdan gələn qurultaydan gözlədiklərimiz odur ki, dünya miqyasında fəaliyyət göstərən diaspor təşkilatlarımıza impuls verəcək, kəmiyyətinə və kefiyyətinə görə digər qurultaylardan fərqlənəcək . Mən III Qurultayda cənab prezidentimiz İlham Əliyevin çıxışını səbrsizliklə gözləyirəm.
Bu il Praqada Sül meydanında “Xocalı
soyqırımı” ilə bağlı tədbir keçiriləcək
AÇC-nin ötən il keçirdiyi tədbirlərdən danışan E. Nəzərov qeyd etdi ki, ötən il ondan çox tədbir keçiriblər:
- Bu tədbirlərdən əhatə dairəsinin genişliyi və böyüklüyü ilə seçilən tədbirlərimiz Azərbaycan xalqının tarixinə qanlı hərflə yazılmış 20 Yanvar və “Xocalı soyqırımı”na həsr edilmiş “Xocalıya işıq” adlı tədbirlər idi. Bu tədbirlər zamanı iştirakçılara faciə ilə bağlı ətraflı məlumat veririk və maarifləndirici bukletlər paylayırıq. Bundan başqa zəngin kökləri olan mədəni irsimizi və adət-ənənələrimizin də təbliği istiqamətində bir sıra tədbirlər həyata keçiririk. Belə ki, milli bayramımız olan və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Novruz bayramı, muğamla bağlı mədəni mərasimlər keçirmişik və “Xəzər axşamı” kimi tədbirlərini də reallaşdırmağa nail olmuşuq. Məlumat üçün bildirim ki, bu ildə “Xocalı soyqırımı” ilə bağlı böyük bir tədbir keçirməyi planlaşdırırıq. Çexiyanın Lidçe şəhərində Xocalı küçəsinin açılması haqqında uğura nail olmuşuq. Bu il isə Praqanın mərkəzi Sül meydanında 600 nəfərlik aksiya keçirməyi planlaşdırırıq və hazırda bunun üçün hazırlıq işləri aparılır.
2011-ci ildə bir sıra yenilikləri olduğunu qeyd edən müsahibim bunları dedi:
- Praqada diasporumuzun media mərkəzini və radiosunu yaratmaqla bağlı, artıq iki ildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etmişik . Ümid edirəm ki, bu il sözügedən layihəni uğurla icra edərək başa çatdıracayıq.
Günay ƏLİYEVA
-
22/02/2012/ 18:28
“Əsas hədəfimiz Xocalı faciəsinə dünyada siyasi və hüquqi qiymətin verilməsinə nail olmaqdır” -
22/02/2012/ 18:25
Xocalıda girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil -
22/02/2012/ 18:24
Azərbaycanlı və erməni ziyalıları üçüncü dəfə görüşdü -
22/02/2012/ 18:22
Azərbaycana qarşı növbəti qərəz -
22/02/2012/ 18:20
Siyasilər İsa Qəmbərin təkliflərini cəfəng hesab edirlər -
22/02/2012/ 18:18
Rusiya neftinin azərbaycanlı fatehi -
22/02/2012/ 18:17
Yığmamızın futbolçusu İspaniya klubundan ayrıldı -
22/02/2012/ 18:15
Ötən il daşınmaz əmlakın ilkin qeydiyyatı 81% artıb -
22/02/2012/ 18:09
55 yaşın hesabatı

